ELM VƏ TƏHSİL
Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırovun təqdimatında onlayn vebinar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vebinarın məqsədi Avropa İttifaqının (Aİ) təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklərlə əlaqədar ali təhsil müəssisələrini məlumatlandırmaq, o cümlədən Erasmus+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirmək olub.
Onlayn vebinarda 20-yə yaxın ali təhsil müəssisəsindən 80-nə yaxın nümayəndə iştirak edib. Tədbirdə Milli Erasmus+ Ofisi tərəfindən yeni ERASMUS Mundus proqramı (2021- 2027) haqqında təqdimat nümayiş edilib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.