İDMAN


Avropa Karate Federasiyası İcraiyyə Komitəsinin növbəti videokonfransı keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Avropa Karate Federasiyası (EKF) İcraiyyə Komitəsinin növbəti videokonfransı keçirilib.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşdə yaxın gələcəkdəki yarışlar və tədbirlər, həmçinin koronavirus pandemiyasının fəsadları müzakirə olunub.

Bildirilib ki, pandemiya səbəbindən 2021-ci ilin mayında İsveçin Geteborq şəhərində keçirilməsi planlaşdırılan böyüklərin Avropa çempionatından yerli təşkilat komitəsi imtina etdiyindən Tokio Olimpiadasına lisenziya xalları verən bu məsul yarışın taleyi gündəmin əsas mövzusudur.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov çıxışında Azərbaycanın 56-cı Avropa çempionatını keçirməyə hazır olduğunu bildirib. Lakin 2021-ci ilin martın 12-16-da Bakıda ilk dəfə Karate 1 seriyasından olan Premyer Liqa turnirinin keçiriləcəyini nəzərə alan qitə federasiyasının rəsmiləri, qısa zaman fasiləsi ilə 2 mötəbər yarışın eyni yerdə təşkil edilməsini o qədər də məqsədəuyğun hesab etməyiblər.

EKF-in prezidenti Antonio Espinos Azərbaycanın Karate1 Premyer Liqa turnirini Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu bildirib. Görüşdə qitə çempionatına alternativ yerin təyin olunması barədə yekun qərarın dekabrın 15-dək veriləcəyi nəzərə çatdırılıb.

EKF-in bu il Bakıda təxirə salınan konqresinin avqustda Finlandiyanın Tampere şəhərində yeniyetmələr və 21 yaşadək gənclərin qitə çempionatınadək ayrı tarixlərdə, qitənin idarəedici orqanına seçkilərin isə Avropa birinciliyi günlərində keçirilməsi planlaşdırılıb. Lakin EKF prezidenti və İcraiyyə Komitəsinin növbəti seçkiləri məhz bu dəfə 4 il yox, 3 il müddətinə qüvvədə olacaq.

Videokonfransda, həmçinin icraiyyə komitəsinin digər üzvlərinin və komitə sədrlərinin fikirləri dinlənilib. Hakimlər komitəsinin sədri Xavyer Eskalante martda Bakıda Karate 1 Premyer Liqa turnirindən əvvəl keçiriləcək dünya hakimlərinin seminarı və imtahanından danışıb.

Xatırladaq ki, Dünya Karate Federasiyasının Tokio Olimpiadasını idarə edəcək hakimlərlə bağlı tərtib etdiyi 16 nəfərlik ilkin siyahıda azərbaycanlı beynəlxalq hakim Cahangir Babayev də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.