DÜNYA
Avropa Komissiyası Aİ ölkələrində yeni səyahət məhdudiyyətlərinə qarşıdır
Vyana, 26 noyabr, AZƏRTAC
Avropa Komissiyası Aİ ölkələrinə koronavirusa qarşı peyvənd olunmuş, xəstəlikdən sağalmış və ya yenicə testdən keçmiş şəxslərlə bağlı əlavə səyahət məhdudiyyətləri tətbiq etməməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, komissiya Aİ ölkələrində keçərli olan koronavirus sertifikatına malik şəxslərin səyahətlər zamanı əlavə test və ya karantinlə üzləşməsini məqbul hesab etməyib.
Avropa Komissiyasının vitse-prezidenti Vera Yourova bildirib ki, Aİ məkanında haradan haraya səfər edilməsindən asılı olmayaraq, tam vaksinasiyadan sonra verilmiş sertifikat doqquz ay boyunca sərbəst səyahət imkanı yaratmalıdır. Qeyd edilib ki, hazırda əsas hədəf Aİ ölkələri arasında fərqli yanaşma və səyahət qaydalarını aradan qaldırmaqdır.
Həmçinin bildirilib ki, Aİ ölkələri insanların keçərli sertifikat üçün tələb olunan peyvəndin buster dozasını qəbul edə bilmələri məqsədilə müvafiq tədbirlər görməlidirlər. Pandemiya dövründə səyahət qaydalarının vahid formaya salınması üçün Aİ ölkələri arasında birgə mövqeyə nail olunması vacibdir. Pandemiyanın ilk dövründə Avropada fərqli qaydalar və məhdudiyyət formaları sərhədlərdə böyük tıxaclar, vaxt itkisi və iqtisadi zərərə səbəb olmuşdu. Komissiya pandemiyanın hazırkı dalğası fonunda həmin vəziyyətin təkrarlanmaması üçün məcburi olmayan tövsiyələr verib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana