DÜNYA
Avropa Komissiyası Bakı Humanitar Forumundan estafeti qəbul edir
Berlin, 5 dekabr, AZƏRTAC
Bu ilin oktyabrında VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyasında feyk-xəbərlərə qarşı mübarizə məsələləri müzakirə edilib. İşçi sessiyada aparıcı ekspertlərin bu problemə dair məruzələri dinlənilib.
AZƏRTAC xəbər verir ki, Bakı Humanitar Forumunun ardınca feyk-xəbərlər Avropa Komissiyasında (AK) müzakirə mövzusuna çevrilib. Bu yaxınlarda AK-də belə xəbərlər əleyhinə plan hazırlanıb. Avropa Komissiyasının vitse-prezidenti və vahid rəqəmsal bazar məsələləri üzrə komissar Andrus Ansip bu gün keçirilən mətbuat konfransında həmin planı təqdim edib.
Avropa Komissiyası bu planı işləyib hazırlamaqla, gələn ilin mayında Avropa Parlamentinə seçkilərə müdaxilə cəhdlərindən özünü müdafiə etməyi qarşısına vəzifə qoyur. Plana əsasən, Aİ-nin xarici siyasət idarəsi üçün strateji kommunikasiyaların maliyyələşdirilməsi artırılaraq, builki 1,9 milyon avrodan gələn il 5 milyon avroya çatdırılmalı, yanlış məlumatlandırmaya qarşı mübarizə aparan heyətə 50-55 nəfər cəlb olunmalıdır.
Bundan əlavə, plan siyasi reklamın şəffaflığının, feyk-akkauntların bağlanmasının, “bot” və “troll”arın yaydığı məlumatın markalanmasının təmin olunmasını nəzərdə tutur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin