DÜNYA


Avropa Komissiyası Brexit tarixinin dəyişdirilməsinin mümkünlüyünə işarə vurub

Bakı, 13 fevral, AZƏRTAC

Böyük Britaniyanın martın 29-da Avropa İttifaqının tərkibindən çıxması prosesinin daha gec tarixə dəyişdirilməsi imkanları mövcuddur, lakin Londondan bu barədə sorğu daxil olmayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Shinas Brüsseldə keçirilən mətbuat konfransında deyib. “Hələlik Brexit tarixinin dəyişdirilməsi barədə Böyük Britaniyadan sorğu almamışıq. Lakin Lissabon sazişinin 50-ci maddəsində belə imkan nəzərdə tutulub”, - deyə o bildirib.

Shinas növbəti dəfə vurğulayıb ki, Brexit tarixinin dəyişdirilməsi üçün Londonun sorğusu və Avropa İttifaqına üzv 27 ölkənin razılığı olmalıdır.

Xatırladaq ki, yanvarın 15-də Böyük Britaniyanın İcmalar Palatası Brexit üzrə sazişi rədd edib və sonradan Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması şərtlərinə dair qanun layihəsinə iki düzəlişi təsdiqləyib. Deputatlar hökumətdən Aİ-ni sazişsiz tərk etməməyi, həmçinin keçid dövründən sonra Şimali İrlandiyanın Avropa İttifaqının gömrük ittifaqında və vahid Avropa bazarında qalması barədə şərti saziş layihəsinin mətnindən çıxarmağı və onu alternativ variantla əvəzləməyi tələb ediblər.

İcmalar Palatasında keçirilən səsvermənin nəticələri Baş nazir Tereza Meyə Aİ ilə Brexit üzrə dialoqu davam etdirmək üçün Brüsselə qayıtmaq səlahiyyəti verib. Lakin Avropa Şurasının rəhbəri Donald Tusk Avropa İttifaqının 2018-ci il noyabrın 25-də Londonla Brüssel arasında əldə olunan sazişi dəyişməyəcəyini deyib.

2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çixmasına səs vermişdi. Lakin ötən il noyabrın ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasına tərəfdar olduğunu bildirmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.