DÜNYA
Avropa Komissiyası Ukraynaya 600 milyon avro ayrılmasını qərara alıb
Kiyev, 15 sentyabr, AZƏRTAC
Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımının 600 milyon avro məbləğində ikinci tranşının ayrılması barədə qərar qəbul edib. Ukrayna bu vəsaiti oktyabrın sonunda ala biləcək.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti və ticarət üzrə Avropa Komissarı Valdis Dombrovskis bu məlumatı "RBK-Ukraina" agentliyinə müsahibəsində açıqlayıb.
O deyib: “Komissiya Ukraynaya makromaliyyə yardımının 600 milyon avro məbləğində ikinci tranşının ayrılması barədə qərar qəbul edib. Bu, ümumi məbləği 1,2 milyard avroya bərabər olan makromaliyyə yardımı proqramı çərçivəsində ikinci, sonuncu ödənişdir”.
Avropa komissarı qeyd edib ki, bu qərar vəsaitin təqdim edilməsi üçün bütün şərtlərin yerinə yetirilməsinin nəticəsi kimi qəbul olunub.
Dombrovskis deyib: “Ukrayna razılaşdırılmış siyasi şərtləri yerinə yetirib. Bu fakt və Ukrayna ilə Beynəlxalq Valyuta Fondunun münasibətlərində irəliləyiş Komissiyanın ikinci ödəniş barədə müsbət qərar qəbul etməsinə imkan verib”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev