CƏMİYYƏT


Avropa Komissiyasının eksperti ermənilərin Qarabağda törətdikləri dağıntılar barədə məlumatlandırılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovartla onlayn görüş keçirib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri və ölkəmizin humanitar ehtiyacları müzakirə olunub.

F.Hüseynov Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatı haqqında məlumat verib. Bildirilib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Eyni zamanda, qeyd edilib ki, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı birləşmələrinin ölkəmizin cəbhə zonasından uzaq yaşayış məntəqələrini artilleriya və raket atəşinə məruz qoyması nəticəsində mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölənlər və yaralananlar var. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadəyə verilmiş qəsəbələr də daxil olmaqla, 300-dən çox müvəqqəti məskunlaşma obyekti qismən, yaxud tamamilə dağıdılıb. Mütəmadi atəşə tutulan Ağdam, Tərtər, Goranboy, Füzuli, Bərdə və Cəbrayıl rayonlarında məskunlaşmış köçkünlər digər rayonlara təxliyə olunub. Bu ailələrin ərzaq, qeyri-ərzaq, tibbi yardım və digər ləvazimatlara ehtiyacı var.

Bundan başqa, diqqətə çatdırılıb ki, 30 ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə dağıdılıb, yaşayış üçün yararsız hala salınıb. Ermənilər indi də vandalizm əməllərindən əl çəkmirlər. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin bu il noyabrın 10-da imzaladıqları bəyanata uyğun olaraq, Kəlbəcər rayonunu tərk edən ermənilər evləri, məktəbləri, meşələri yandırır, ağacları kəsib aparırlar. Halbuki, azərbaycanlılar doğma yurdlarını tərk edən zaman özləri ilə heç nə apara bilməmişdilər.

Qeyd olunub ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərinə dəyən zərərin qiymətləndirilməsinə ekspertlər cəlb edəcək. Dövlət məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün bütün zəruri tədbirləri görəcək.

Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart bildirib ki, missiyanın məqsədi Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında humanitar əməkdaşlığı müzakirə etmək, həmçinin Aİ tərəfindən edilə biləcək yardımların formasını, eyni zamanda, Qarabağda gələcəkdə nəzərdə tutulan bərpa və quruculuq işlərində dəstəyini müəyyənləşdirməkdir. Missiya məcburi köçkünlərin, eyni zamanda, hərbi əməliyyatlar zamanı zərər görmüş mülki şəxslərin ehtiyaclarını öyrənəcək və Avropa İttifaqının bu ailələrə necə dəstək verəcəyini müəyyən edəcək.

Onlayn görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.