SİYASƏT


Avropa Komissiyasının nümayəndə heyəti Xarici İşlər Nazirliyində olub

Avropa Komissiyasının nümayəndə heyəti Xarici İşlər Nazirliyində olub

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Şərq Tərəfdaşlığının Brüssel Sammitinin ikitərəfli əməkdaşlığın inkişafına təkan verdiyi qeyd olunub. Uzlaşdırma və nəqliyyat sahəsində əməkdaşlığın Avropa İttifaqının Azərbaycan ilə əlaqələrində mühüm rola malik olduğu diqqətə çatdırılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın regional nəqliyyat qovşağına və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələri ilə nəqliyyat sistemlərini uzlaşdırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəlilik, vaxt və sürət baxımdan üstünlükləri və Avropa İttifaqının bu layihəyə dəstəyi qeyd olunub. Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək bu layihənin iqtisadi-ticarət və insanlararası əlaqələrin inkişafına, regional inkişaf və çiçəklənməyə xidmət edəcəyi vurğulanıb. Şimal-Cənub nəqliyyat dəhlizinin Hind Okeanı ilə Şimali Avropa ölkələrinin nəqliyyat sistemlərinin birləşdirilməsi baxımdan əhəmiyyətinə toxunulub. Azərbaycanın Trans-Avropa Nəqliyyat Şəbəkəsinə qoşulması və Avropa İttifaqı ilə tərəfdaşlığa dair yeni saziş layihəsində nəqliyyat məsələlərinə xüsusi yer ayrılmasının nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar vəd etdiyi qeyd olunub.

Görüşdə dəmir yolu infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, yollarda təhlükəsizliyin təmin olunması, Avropa Qafqaz Asiya beynəlxalq nəqliyyat dəhlizi (ТRACECA) layihəsinin daha da inkişaf etdirilməsi istiqamətində atıla bilinəcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə Avropa İttifaqı və Azərbaycan arasında aparılan danışıqlar nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.