İDMAN
Avropa Liqası: Ukrayna yığması Bakıda İtaliyanı penalti seriyasında məğlub edib
Bakı, 23 iyun, AZƏRTAC
Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turniri davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin ikinci turunda Ukrayna və İtaliya yığmaları qarşılaşıblar.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Matça əlavə olunmuş vaxtda da komandalar fərqlənə bilməyiblər. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən Ukrayna millisi qələbə qazanıb - 4:3.
Ukrayna millisi növbəti oyununu iyunun 24-də Almaniya, İtaliya isə İsveçrə yığmasına qarşı keçirəcək.
İkinci oyun gününün ilk iki oyununda İsveçrə millisi Almaniyanı 10:2, Portuqaliya yığması isə Fransanı 5:3 hesabı ilə məğlub edib.
İkinci tura iyunun 23-də keçiriləcək Azərbaycan-Belarus oyunları ilə yekun vurulacaq.