İDMAN
Avropa Millətlər Kuboku turnirində yarışacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb
Noyabrın 7-dən 9-dək Moskvada keçiriləcək güləş üzrə Avropa Millətlər Kuboku turnirində çıxış edəcək güləşçilərimizin siyahısı müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlarda yığmamızın idman şərəfini 30 güləşçi qoruyacaq.
Mübarizə əvvəlcə qadın güləşçilər arasında keçiriləcək. Bu mübarizədə yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıblar.
Sərbəst güləş yığmamız isə turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edəcək. Sərbəst güləş üzrə yarışlarda Azərbaycanı Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) təmsil edəcəklər.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akiv Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləş yığmasının heyətinə 10 idmançının adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.
Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Qərib Əliyev də iştirak edəcək.