İDMAN
Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə azərbaycanlı nümayəndənin üzv seçilməsi ölkəmizin idman tarixində önəmli hadisədir VİDEO
Roma, 23 noyabr (AZƏRTAC). Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə azərbaycanlı nümayəndənin üzv seçilməsi ölkəmizin idman tarixində ilk dəfə baş verən önəmli bir hadisədir.
Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AZƏRTAC-a müsahibəsində demişdir.
Nazir qeyd etmişdir ki, Azərbaycanda idman sahəsində əldə olunan nailiyyətlər, ölkəmizin bir çox mötəbər yarışlara ev sahibliyi etməsi və bu istiqamətdə qazandığı təcrübə göz qabağındadır. Məhz bu səbəbdən Avropa Olimpiya Komitəsi həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsinə münasibət bildirən Azad Rəhimov vurğulamışdır ki, bu qərar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili və bu tədbirlərdə qazandığımız uğurlar ölkə idmanının inkişafının göstəricisidir.
Qeyd olunmuşdur ki, Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının iştirakçıları Bakıda aparılan islahatlarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma