İDMAN
Avropa Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsi qərarı Azərbaycan idmanına verilən yüksək qiymətin göstəricisidir VİDEO
Roma, 23 noyabr (AZƏRTAC). Avropa Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsi qərarı dünyada Azərbaycan idmanına verilən yüksək qiymətin göstəricisidir.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Avropa Olimpiya Komitəsinin İcraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə AZƏRTAC-a müsahibəsində demişdir.
Onun sözlərinə görə, ilk dəfə olaraq qurumun İcraiyyə Komitəsinə azərbaycanlı nümayəndənin üzv seçilməsi Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarı ilə birbaşa əlaqəlidir.
Çingiz Hüseynzadə Azərbaycanda uğurla həyata keçirilən Olimpiya hərəkatının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Dövlətimizin başçısı Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi ilk gündən Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınmışdır. Hazırda ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Bakıda belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma