İDMAN
Avropa Oyunlarının qızıl mükafatçısı: Bu uğura azarkeşlərin güclü dəstəyi sayəsində nail oldum

Xırdalan, 19 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Bakıda keçirilən ilk Avropa Oyunlarının karate üzrə qızıl mükafatçısı Firdovsi Fərzəliyevin qələbəsini doğma Abşeron rayonunun sakinləri də böyük coşqu ilə qarşılayıblar.
Firdovsi Fərzəliyev AZƏRTAC-a müsahibəsində azarkeşlərin dəstəyinə görə təşəkkür edərək deyib: “2013-cü ildə hərbi xidməti başa vurduqdan sonra böyüklər arasında yarışlara qatılmışam. Avropa Oyunlarında qızıl medal qazanmağım isə ilk böyük uğurumdur. Mən bu uğura azarkeşlərin güclü dəstəyi sayəsində nail oldum”.
O, qızıl medal əldə etməyində müəllim və məşqçilərinin də əməyini xüsusi vurğulayıb. F.Fərzəliyev buna görə onlara borclu olduğunu bildirib: “Əlbəttə, ilk Avropa Oyunlarının birincisi olmağımda onların böyük əməyi var. Birinci olmaq çox gözəl hissdir. Bu qalibiyyəti öz Vətənində yaşamaq isə insanı daha da qürurlandırır. Bu hissləri sözlə ifadə etmək mümkün deyil”.
Firdovsi Fərzəliyev onu da qeyd etdi ki, Avropa Oyunları Olimpiadadan heç də geri qalmır: “Gördüyünüz kimi, hər şey çox gözəl, yüksək səviyyədə təşkil olunub. Avropa Oyunlarında birinci olmaq, Olimpiya Oyunlarında qalib gəlmək kimidir”.