DÜNYA


Avropa Parlamenti Brexitin təxirə salınmasının tərəfdarıdır

Bakı, 12 sentyabr, AZƏRTAC

Avropa Parlamenti Böyük Britaniyanın Avropa İttifaqından sazişsiz çıxmasının qarşısını alacağı təqdirdə Brexit prosesinin təxirə salınmasının tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri David Sassoli Brüsseldə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa Parlamenti Brexit üzrə Strasburqda keçiriləcək plenar sessiyada təqdim olunacaq müvafiq qətnamə layihəsi hazırlayır.

Bununla yanaşı, Avropa Parlamentinin rəhbəri London və Brüssel arasında sazişin “bekstop”suz mümkün olmayacağını da vurğulayıb.

Birləşmiş Krallıq və Avropa İttifaqı arasında saziş layihəsində adı keçən “bekstop” mexanizmi Şimali İrlandiyanın və onunla birgə Böyük Britaniyanın bir müddət Avropa İttifaqının gömrük ittifaqının tərkibində qalmasını təmin etməlidir. Avropa İttifaqı Londonun dar “bekstop” variantına razılıq verəcəyinə və bununla da Brexit barədə danışıqların nəhayət, ölü nöqtədən tərpənəcəyinə ümid edir. Belə mexanizm yalnız gömrük ittifaqında və Avropa İttifaqının vahid bazarının tərkibində müvəqqəti qalacaq Şimali İrlandiyaya aid olacaqdı. Plana əsasən, Böyük Britaniyanın qalan hissəsi digər ölkələrlə sərbəst müqavilələr bağlaya bilmək imkanı qazanaraq Avropa İttifaqından müstəqil ticarət siyasəti apara biləcəkdi.

Birləşmiş Krallıq Avropa İttifaqını Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.