SİYASƏT
Avropa Parlamenti anti-Azərbaycan fəaliyyəti ilə Ermənistanın xeyrinə güzəştlər əldə etmək istəyir
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki Qələbəsi təkcə işğalçı Ermənistanın darmadağın məğlubiyyəti ilə nəticələnmədi. Eyni zamanda, uzun illər bu işğalçı ölkəyə açıq və gizli formada dəstək güclərin, bəzi beynəlxalq təşkilatların və xarici ölkələrin də iç üzünün bir daha ortaya çıxmasına təkan verdi. Bu, qibləsi Ermənistan olan, gecə-gündüz “demokratiya”, “insan haqları”, “ərazi bütövlüyü” və sair kimi şüarları əldə bayraq edən, reallıqda isə başqa oyunlara baş vuranlar arasında Avropa Parlamenti (AP) də var.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Deputat qeyd edib ki, Ermənistanın məğlubiyyətini həzm edə bilməyən, ermənilərdən daha çox erməniçilik edən AP
Azərbaycana qarşı düşmən yanaşmasından əl çəkmir. Əksinə keçən hər gün ərzində bu beynəlxalq qurum Azərbaycana qarşı yeni-yeni addımlar atır. Belə ki, Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, bir daha AP-nin ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir.
V.İskəndərovun sözlərinə görə, bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də gorbagor olmuş “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə, ümumiyyətlə, olmayan məsələlər qeyd edilib. Əslində, bütün bunlar AP-nin erməni üzlü bir təşkilat olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, AP tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib, Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir.
“Avropa Parlamentinin bu cür ermənisevərliyi və belə demək mümkünsə, ermənişüvənliyin arxasında dayanmasında məqsəd bəllidir. AP-nin vaxtaşırı bu kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Lakin bu bədnam qurumda oturan erməni sevdalıları unutmasınlar ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkəmizi bu cür cılız addımlarla öz yolundan döndərmək istəyənlər əbəs yerə vaxt və enerji itirirlər. Digər tərəfdən AP haqq-ədalət axtarırsa, o zaman daxilini təmizləsin. Bu təşkilat beynəlxalq aləmdə korrupsiya cinayətlərinin tüğyan etdiyi bir qurum kimi tanınıb. Bu xüsusda, Yunanıstandan olan Vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi nə birinci, nə də sonuncu haldır. Bir sözlə, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur”, - deyə Milli Məclisin deputatı vurğulayıb.