DÜNYA
Avropa Parlamentinin çexiyalı deputatları ikili standartlar tətbiq edirlər
Praqa, 13 may, AZƏRTAC
Azərbaycan və Türkiyə Avropa Parlamentində əsassız hücumlara və böhtana məruz qalanda Avropa Parlamentinin çexiyalı deputatları yalnız veb-saytlardan, “Sərhədsiz reportyorlar”, “Freedom House” və digər muzdlu nəşrlərin səhifələrindən eşitdikləri məsələlər barəsində ittihamlar irəli sürərək hücuma keçənlərin ön sıralarında çexiyalı deputatlar da vardı. Amma indi, onların öz ölkəsi təhlükə qarşısında qalanda, Avropa Parlamenti KİV azadlığı sahəsində pozuntularla əlaqədar onları “xalça üzərinə çağıranda isə birdən-birə “suverenlik” və daxili işlərə qarışmağın yolverilməzliyi məsələsini yada salıblar.
Avropa Parlamentində Çexiyanın Avropa Xalq Partiyası fraksiyasını təmsil edən beş deputat Avropa Parlamentinin iyunda keçiriləcək plenar iclasının proqramından Çexiya Respublikasında KİV-in vəziyyətinin müzakirə edilməsi bəndinin çıxarılmasına nail olmağa çalışır. Avropa Parlamentinin deputatı Mixaela Şoydrova ČTK informasiya agentliyinə bildirib ki, o, Çexiyada hökumət böhranını, Maliyyə Nazirliyinin rəhbərinin ünvanına səslənən ittihamları araşdırmaq istəyən həmkarlarını başa düşür, lakin onun fikrincə bu məsələni geniş müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Deputat Mixaela Şoydrova əmindir: “Çexiya Respublikası bu problemi müstəqil həll edə bilər. Bu məqsədə nail olmaq üçün bütün zəruri mexanizmlər var”.
Xatırladaq ki, Azərbaycan və Türkiyə ittihamlara məruz qalanda deputatların bu cür canfəşanlığı müşahidə olunmurdu.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa