QAN YADDAŞI
Avropa Parlamentinin deputatına Xocalı soyqırımı ilə bağlı bəyanat təqdim olunub
Bakı, 23 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycanlıları Konqresi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirir.
AZƏRTAC xəbər verir ki, fevralın 22-də Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov, İdarə Heyətinin üzvü, Konqresin baş katibi Arzu Oqtay və AAK nəzarət təftiş komissiyasının üzvü Ofeliya Babayeva Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, Avropa İttifaqının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Səccad Kərim ilə görüşüblər.
Görüşdə AAK-ın prezidenti Konqresin fəaliyyəti haqqında söhbət açaraq bildirib ki, Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Qarabağ həqiqətləri, Xocalı soyqırımı barədə məlumatları yaşadıqları ölkələrin siyasətçilərinə, parlamentarilərinə mütəmadi olaraq çatdırırlar.
Sonra S.Qasımov avropalı deputata Xocalı soyqırımı ilə əlaqədar bəyanat, Qarabağ həqiqətlərindən, soyqırımından bəhs edən kitablar təqdim edib.
Görüşdən məmnunluğunu ifadə edən S.Kərim bəyanatla yaxından tanış olduqdan sonra onu Böyük Britaniya deputatlarına, habelə parlamentdə üzvü olduğu qruplara təqdim edəcəyini deyib.
Cari ilin may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərə toxunan S.Kərim Avropa Azərbaycanlıları Konqresinə yeni seçiləcək deputatlarla sıx əlaqə qurmağı, onlara Azərbaycan, Dağlıq Qarabağ, Xocalı soyqırımı həqiqətlərini çatdırmağı tövsiyə edib.