İQTİSADİYYAT
Avropa Pul Viktorinasının milli mərhələsi başa çatıb
Bakı, 19 mart, AZƏRTAC
Mərkəzi Bank cəmiyyətdə hədəf qruplarının maliyyə savadlılığının artırılması işləri çərçivəsində yerli və beynəlxalq təşkilatlarla birgə daim müxtəlif tədbirlər həyata keçirir. Bu xüsusda hazırlanan maliyyə savadlılığı məhsulları başlıca hədəf qruplarına, o cümlədən uşaqlara, yeniyetmələrə, tələbələrə, müəllimlərə və yaşlılara fokuslanıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, bu tədbirlərdən biri kimi otuz iki bank assosiasiyasını birləşdirən Avropa Banklar Federasiyasının üzv ölkələri arasında təşkil etdiyi Avropa Pul Viktorinasının milli mərhələsində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən martın 12-də iştirak edilib. COVID-19 pandemiyasına görə yaranmış şəraitlə əlaqədar olaraq 2021-ci il üzrə final ötən il olduğu kimi onlayn keçiriləcək.
Avropa Pul Viktorinası məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləmək məqsədilə keçirilir. Viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə əsasən bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar təqdim olunur. Qaydalara uyğun olaraq, viktorinanın milli mərhələləri iştirakçı ölkələrdə, final mərhələsi isə Brüsseldə təşkil edilir. Milli final mərhələsində qalib gələn iki nəfər Avropa finalında iştirak etmək hüququ qazanır.
Martın 17-də Avropa Pul Viktorinasının milli mərhələsi başa çatıb. Müsabiqədə 13-15 yaşlı, ingilis dilini yaxşı bilən dövlət və özəl məktəblərin şagirdləri iştirak ediblər.
Milli mərhələnin ilk seçim turu və yarımfinal onlayn formatda keçirilib. İlk mərhələdə 300 nəfər iştirak edib, onlardan 150 nəfər yarımfinala keçib, 20 nəfər isə final mərhələyə keçmək hüququ qazanıb.
Mərkəzi Bankda keçirilən finalda Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəbin şagirdi Ülkər Aşurova, Humanitar Fənlər Təmayüllü məktəb-liseyin şagirdi Nurlan Karibov, Avropa-Azərbaycan məktəbinin şagirdi Ramiz Əhmədzadə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. İlk iki yerin qalibləri Azərbaycanı Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcəklər.