CƏMİYYƏT
Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclası keçirilib
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 8-9-da Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda 2018-2023-cü illər Gender Bərabərliyi Strategiyası, COVID-19 pandemiyasının yaratdığı böhranın qadınlar və gender bərabərliyinə təsiri və digər mövzular müzakirə edilib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli tədbirdə iştirak edib. Ş.Hüseynli bildirib ki, antidopinq sahəsində son illərdə gender bərabərliyinin təmin olunmasında tərəqqi nəzərə çarpıb. Lakin effektiv bərabərliyin təmin edilməsi üçün fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var.
İki günlük tədbirin sonunda Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclasının yekununa dair sənəd qəbul edilib.
Xatırladaq ki, AMADA-nın direktoru Şəfəq Hüseynli ötən ilin oktyabrında Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilmiş qərara əsasən, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.