CƏMİYYƏT
Avropa Şurasının iclasında Azərbaycanın multikulturalizm modeli təqdir edildi
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 6-da Avropa Şurasında Antisemitizm, islamofobiya və dini dözümsüzlüyün digər formaları və nifrət zəminində baş verən cinayətlər üzrə Xüsusi Nümayəndə Daniel Holtgenin təşəbbüsü ilə “İcmalar və dinlərarası dialoq və qarşılıqlı hörməti təşviq etmək üçün təşəbbüslər və təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin icraçı direktoru Rəvan Həsənov konfransda məruzə ilə çıxış edib. R.Həsənov Azərbaycanda mövcud olan multikulturalizm siyasəti, din və dövlət münasibətləri, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Azərbaycan multikulturalizminin örnək modeli tədbirdə iştirak edən Almaniya, Fransa, Finlandiya, Portuqaliya, Birləşmiş Krallıq, İtaliya, Niderland və Macarıstan kimi müxtəlif ölkələrdən olan ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanıb. Xüsusilə ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı mühüm rol və Prezident İlham Əliyevin təşəbbüsləri, ölkəmizdə antisemitizm və ayrı-seçkilik hallarının tamamilə olmaması iştirakçıların marağına səbəb olub.
Konfransda gələcəkdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq məsələsi də müzakirə olunub.