MƏDƏNİYYƏT


Avropa Şurasının mənzil-qərargahında Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş sərgi böyük əhəmiyyət daşıyır

Strasburq, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi 8 əsr əvvəl yazırdı: …Yüz il sonra sorsan bəs o hardadır? Hər beyti səslənər: Burda, burdadır!

Əsrlər keçməsinə baxmayaraq, Nizami Gəncəvi yenə də burdadır, Azərbaycanın hər qarşında, dünyanın bir çox ölkələrindədir.

Bu gün Nizami Gəncəvi Strasburqda Avropa evindədir. Bu çox sevindirici haldır. Çünki Avropa Şurası dünya üçün vacib olan ümumi dəyərləri qoruyur və təbliğ edir. Avropanın təbliğ etdiyi dəyərləri 8 əsr əvvəl böyük mütəfəkkir Nizami Gəncəvi əsərləri vasitəsilə təbliğ edirdi.

Bu fikirləri Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş sərgidə AŞPA-dakı nümayəndə heyətimizin üzvü, akademik Rafael Hüseynov AZƏRTAC-a müsahibəsində deyib.

Bildirib ki. Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərə tərcümə edilərək dərc edilmiş Nizaminin əsərləri həmin sözləri bütün dünyaya deyir.

“Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin əsərləri əsasında müxtəlif dövrlərdə çəkilmiş miniatürlərdən və müxtəlif dillərdə nəşr edilmiş kitablardan ibarət Avropa Şurasında təşkil edilmiş bu sərgi diqqətə layiqdir və çox vacibdir.

Avropa Şurasında müxtəlif ölkələrdən gələn deputatlar, eləcə də qurumun işçiləri, bu binaya daxil olan hər kəs sərgini maraqla seyr edir. Nizami körpüsü vasitəsilə Azərbaycana məhəbbət artır.

Nizami Gəncəvini təkcə mədəniyyət, ədəbiyyatla əlaqələndirmək düz deyil, bu həm də siyasi hadisədir. Nizami dünyada böyük dəyərləri təbliğ edir. İki həftə davam edəcək bu sərgi Azərbaycana, onun dəyərlərinə, son ildəki yüksəlişinə, eləcə də Nizamiyə diqqəti daha da artıracaq”,-deyə akademik qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Satrasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.