CƏMİYYƏT
Avropa Şurasının nümayəndələri Azərbaycanda ayrı-seçkiliklə mübarizə sahəsində görülən işlər barədə məlumatlandırılıb
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə Avropa Şurasının Ayrı-seçkilik əleyhinə departamentinin nümayəndələri Mara Georgesku və Angela Longo ilə onlayn görüş keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycan Ombudsman təsisatının da iştirak etdiyi “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı layihənin milli səviyyədə implementasiyasının qiymətləndirilməsi olub.
Görüşdə müvəkkil sözügedən layihə çərçivəsində bu zamana qədər görülən işlər barədə məlumat verib, keçirilən treninq və seminarların Ombudsman Aparatının əməkdaşlarının ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən Müvəkkil milli qanunvericilikdə və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən ayrı-seçkiliklə mübarizə ilə bağlı fəaliyyət həyata keçirir.
Avropa Şurasının nümayəndələri Müvəkkilin vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirdiyi görüşlərin önəmindən bəhs ediblər. Qeyd olunub ki, belə görüşlər Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Həmçinin bu ilin payızında Ombudsman təsisatı ilə birgə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə dəyirmi masa formatında tədbirin keçirilməsi təklif olunub. Həmin tədbirdə beynəlxalq ekspertlərin də iştirakı nəzərdə tutulur.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.