CƏMİYYƏT


Avropa Şurasının nümayəndələrinə Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurası və Avropa İttifaqının “Yaxşı idarəçilik üçün Tərəfdaşlıq” birgə proqramı çərçivəsində “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihənin əlaqələndiriciləri Anka Sandesku və Menno Ettemanı ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi sözügedən layihənin təqdimatı və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin bu layihədə əsas tərəfdaş qismində iştirakı məsələsinin müzakirə edilməsidir.

Müvəkkil Ombudsman təsisatının yaradılması, mandatı, qlobal və regional beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, ötən dövrlərdə Şərq Tərəfdaşlığı, TAIEX və Tvinninq layihələrində fəal iştirakı, bu layihələrin xüsusiyyətləri və müsbət nəticələri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, bu əməkdaşlıq çərçivəsində insan hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun müdafiəsi, bu istiqamətdə potensialların gücləndirilməsi, eləcə də ölkədə hüquq təminat sisteminin müasir standartlarına uyğun inkişafı və digər sahələrdə paytaxt və regionlarda müntəzəm əhatəli maarifləndirmə tədbirləri həyata keçirilib. Müvəkkil, eyni zamanda, beynəlxalq qurumlar tərəfindən insan hüquqlarının bir çox sahəsi üzrə müsbət qiymətləndirilmiş təcrübələrini də qonaqların diqqətinə çatdırıb. Ombudsman, həmçinin onun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində “İnsan hüquqları”, “Genderə giriş” fənlərinin tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının xüsusiyyətləri barədə qonaqlara məlumat verib.

“Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihə barədə məlumat verən qonaqlar bildiriblər ki, layihə ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün qeyri-məhkəmə mexanizmləri vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi, Ombudsman təsisatlarının bu istiqamət üzrə məlumat bazası sisteminin Avropa standartlarına uyğunlaşdırılması, ayrı-seçkiliklə mübarizə məqsədilə vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlıq və s. kimi komponentləri əhatə etməkdədir.

Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb, layihə üzrə müvafiq təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.