CƏMİYYƏT
Avropa Şurasının seminarında Azərbaycan xalqının mehriban birgəyaşama mədəniyyətindən danışılıb
Bakı, 30 may, AZƏRTAC
Bu günlərdə Strasburq şəhərində İrqi ayrı-seçkiliyə qarşı Avropa Komissiyasının illik seminarı keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasının tədbirində xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti və bu sahədə əldə olunan müsbət təcrübələr təbliğ olunub.
Seminarın əsas məqsədi ayrı-seçkiliyə qarşı mübarizə sahəsində həyata keçiriləcək tədbirlərlə bağlı İrqi ayrı-seçkiliyə qarşı Avropa Komissiyasının hazırladığı ümumi tövsiyələrin müzakirə edilməsi və bu istiqamətdə əməkdaşlığa dair təcrübə mübadiləsinin aparılması olub.
Toplantıya Avropa Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin, beynəlxalq qurumların, müxtəlif qeyri-hökumət təşkilatlarının, milli insan hüquqları təsisatlarının nümayəndələri qatılıblar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə iştirak edib. O, müvafiq sessiyalarda çıxış edərək Azərbaycanın çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlərin mövcud olduğunu bildirib.
Qeyd olunub ki, xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bununla yanaşı, Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsi olmaqla, dünya dövlətlərinin bu müsbət təcrübədən yararlanmasına imkan yaratdığı diqqətə çatdırılıb.
Çıxışda, həmçinin ölkəmizdə ayrı-seçkiliklə mübarizə sahəsində təkmil qanunvericilik bazasının formalaşdırıldığı, Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi vurğulanıb.
A.Səfixanlı insan hüquqlarının müdafiəsi sahəsində milli fəaliyyət planlarının, proqramlarının və strategiyaların ayrı-seçkiliklə mübarizə sahəsində rolunu qeyd edib. O, Azərbaycanın müstəqillik tarixində insan hüquqlarının müdafiəsi sahəsində bir sıra strateji sənədlərin qəbul olunduğunu, həmin sənədlərdə ayrı-seçkiliklə mübarizə sahəsində müvafiq tədbirlərin nəzərdə tutulduğunu və ötən müddət ərzində uğurla həyata keçirildiyini vurğulayıb, ölkəmizin bu müsbət təcrübəsinin hazırlanacaq ümumi tövsiyələrdə nəzərə alınmasını təklif edib. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.10 və 4.11-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin ayrı-seçkiliyin aradan qaldırılması, nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
A.Səfixanlı, həmçinin Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların davam etdirildiyini, ombudsman Elmira Süleymanovanın insan hüquqları istiqamətində səmərəli fəaliyyət göstərdiyini, o cümlədən ölkəmizdə milli və dini azlıqların kompakt yaşadığı ərazilərdə müvəkkilin regional mərkəzlərinin, habelə resurs mərkəzlərinin fəaliyyətini vurğulayıb.