CƏMİYYƏT


Avropa Şurasının tədbirində Azərbaycanın ayrı-seçkiliklə mübarizə sahəsində gördüyü işlərdən danışılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Bu günlərdə Ombudsman Aparatının əməkdaşları Fransanın Strasburq şəhərində Avropa İttifaqının dəstəyi və Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihə çərçivəsində keçirilən təlimdə iştirak ediblər.

Avropa Şurasının nümayəndələrinin müxtəlif mövzularda təqdimatlarla çıxış etdiyi təlimin ilk günündə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva iştirak edərək, Ombudsman Aparatının ayrı-seçkiliklə mübarizə sahəsində gördüyü işlərdən, bu istiqamətdə aparılan hüquqi maarifləndirmə fəaliyyətindən, həmçinin illik məruzələrində təqdim etdiyi təklif və tövsiyələrdən danışıb.

Daha sonra AŞ-nin İnklüzivlik və ayrı-seçkiliklə mübarizəyə dair proqramlar üzrə bölməsi, Nifrət nitqi ilə mübarizə və əməkdaşlıq bölməsi və Uşaq hüquqları bölməsinin nümayəndələri ilə interaktiv formatda görüşlər keçirilib. Növbəti hissə insan hüquqları, gender bərabərliyi, ədalət və insan ləyaqətinə hörmət mövzularında davam etdirilib.

Əməkdaşlıq layihələri bölməsinin rəhbəri, Ayrı-seçkilik üzrə idarənin rəhbəri, İnsan hüquqları üzrə direktor, İnsan hüquqları, ədalət və hüquqi əməkdaşlıq standartlarının həyata keçirilməsi üzrə şöbənin müdiri ilə baş tutan görüşlərdə Ombudsman Aparatının Beynəlxalq əməkdaşlıq və vətəndaş cəmiyyəti institutları ilə iş şöbəsinin müdiri Zaur Vəliməmmədli təsisatın müvafiq istiqamətlərdəki fəaliyyəti haqqında geniş məlumat verib.

Milli azlıqlar və onların dilləri bölməsinin nümayəndələri tərəfindən keçirilən təlimlərdə isə “Regional və azlıqların dilləri haqqında” Avropa Xartiyasından bəhs olunub, Nifrət nitqi ilə mübarizə bölməsi ilə əməkdaşlıq və imkanların genişləndirilməsi ilə bağlı müzakirə aparılıb. Sonda Ombudsman Aparatının nümayəndələri Əməkdaşlıq proqramları bölməsinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri ilə qarşılıqlı fikir mübadiləsi aparıblar.

Təlimin ikinci günündə Ayrı-seçkilik, müxtəliflik və inklüzivlik üzrə rəhbər komitənin katibi müvafiq komitənin fəaliyyəti haqqında məlumat verib, Mədəniyyətlərarası şəhərlər proqramının layihələr üzrə nümayəndəsi isə proqramın əhatə etdiyi ölkələrə dair apardığı təhlillərdən danışıb.

Yekunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynovla görüş keçirilib, AİHM-in iş təcrübəsi ilə bağlı faktlar barədə məlumat əldə olunub və insan hüquqlarının ayrı-ayrı sahələri ilə bağlı əməkdaşların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.