MƏDƏNİYYƏT


Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası keçirilir

Bakı, 15 mart, AZƏRTAC

Yunanıstanın Loutra Pozar şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Afyon (Türkiyə), Ladek Zdroj (Polşa), İstiea (Yunanıstan), Clermont-Auvergne Metropole (Fransa), Archena (İspaniya), Baden Bei Wien (Avstriya), Monchique və Luso (Portuqaliya) şəhərlərinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verilib.

Qəbələ şəhərinin 2019-cu ildə Assosiasiyaya üzv seçilməsi ilə bağlı Mədəniyyət Nazirliyinin nümayəndəsi, layihənin koordinatoru Günel Aslanova tərəfindən təqdimat keçirilib. Qeyd etmək lazımdır ki, Assosiasiyaya üzv ölkələrin və elmi komitənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Qəbələ rayonunun termal infrastruktur imkanları və “Qəbələ Dövlət Tarixi Bədii Qoruğu” haqqında geniş məlumat verilib və təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təqdimatdan sonra çıxış edən EHTTA-nın prezidenti Cüzeppe Bellandi Azərbaycanın son illər təşkilatda aktiv fəaliyyətini bəyəndiyini və görülən işlərin, əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd edib. Bu ilin iyun ayında təşkilatın mütəxəssislərinin UNESCO-nun tədbirində iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Qəbələ şəhərinə gedəcəyini və şəhərin üzvlüyə qəbul olunacağını bildirib.

Məlumat üçün bildiririk ki, EHTTA 2019-cu ildə 10-dan çox beynəlxalq sərgidə təmsil olunacaq və bu sərgilərdə təqdim ediləcək rəsmi kataloqlarda “Qalaaltı” haqqında da geniş məlumatlar yer alıb. Həmçinin, müxtəlif dillərdə nəşr olunan kataloq bu il ilk dəfə olaraq Azərbaycan dilində də üzv ölkələrə göndərilib.

EHTTA-nın rəsmi saytında Azərbaycanda il ərzində keçiriləcək Formula 1 Qaran-Pri yarışları, “Bakı prosesi” çərçivəsində həyata keçirilən V Mədəniyyətlərarası Dialoq Forumu, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası və digər mötəbər tədbirlər barədə ətraflı məlumatlar öz əksini tapıb.

Xatırladaq ki, 2016-cı ildə Qalaaltı kurortu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına (EHTTA) bərabərhüquqlu üzv seçilib və 2018-ci ilin may ayında isə EHTTA-nın Baş Assambleyası Qalaaltında reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.