MƏDƏNİYYƏT
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyasında ölkəmiz də təmsil olunur
Bakı, 11 oktyabr, AZƏRTAC
Belçikanın Spa şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir. Assambleyada ölkəmizi Mədəniyyət Nazirliyinin xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova təmsil edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Assambleya çərçivəsində 2019-cu ildə görülmüş işlərin hesabatı, maliyyə məsələləri, digər təşkilatlarla əlaqələr və marketinq prosesi, assosiasiyaya yeni üzvlərin seçilməsi və növbəti toplantıların təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin iclasda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının on illik yubileyi qeyd edilib. EHTTA-nın prezidenti Cüzeppe Bellandi çıxışında tarixi və termal şəhərlərin vəhdətinin mədəni irsin inkişafına təkan verdiyini, bu strategiya əsasında qurulan təşkilatın fəaliyyəti nəticəsində şəbəkənin ildən ilə daha da genişləndiyini qeyd edib.
Oktyabrın 12-dək davam edəcək Assambleyanın gündəliyində yer alan məsələlərdən biri də yeni üzvlərin seçilməsi ilə bağlı olub. Estoniyanın Pyarnu şəhərinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verilib.
Daha sonra Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının İcraiyyə Şurasına yeni prezident və vitse-prezidentləri seçilib. Səsvermənin nəticəsi olaraq İspaniyanın Ourense əyalətinin meri Manuel Baltar Blanco EHTTA-nın prezidenti, Hugo Oliveira, Eric Brut və Lorenzo Lucçini isə vitse-prezidentləri seçilib.
Qeyd edək ki, Avropa Şurasının mədəni marşrutlar layihəsi çərçivəsində fəaliyyət göstərən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Avropada mədəni irsin qorunması sahəsində mühüm işlər həyata keçirir və 2016-cı ildən etibarən Qalaaltı təşkilatının bərabərhüquqlu üzvüdür.