ELM VƏ TƏHSİL


Avropa Təlim Fondunun nümayəndələri Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olub

Bakı, 6 may, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycanda peşə təhsili müəssisələrinin müasirləşdirilməsi üzrə fəaliyyət gündəliyini davam etdirir. Aİ tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində, Avropa Təlim Fondunun (ATF) missiya komandası ölkədə peşə təhsili üzrə ümumi monitorinq və bu sahədə gələcək dəstək tədbirlərinin müəyyən edilməsi məqsədilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olub.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ikigünlük səfər zamanı iştirakçılar mərkəzin əməkdaşları və karyeraya dəstək koordinatorları ilə yaxından tanış olub, özəl sektor şirkətləri və bu layihə çərçivəsində iştirak edən digər əlaqədar tərəflərlə görüşlər keçiriblər. Peşə təhsilinin müxtəlif sahələrində mövcud inkişaf tendensiyaları və fürsətlər haqda ətraflı danışıblar. Kurikulum, peşə təhsilinin əmək bazarına uyğunluğu və regionlarda peşə təhsili məzunları üçün məşğulluq imkanlarını müzakirə ediblər.

Azərbaycan ATF ilə əməkdaşlıq edərək Şərq Tərəfdaşlığı gündəliyinin bir hissəsi kimi Torino Prosesi (TRP) çərçivəsində peşə təhsili və təlimi siyasətinin nəzərdən keçirilməsini icra edir. TRP-nin diqqəti peşə təhsili və təlimi siyasətini gənclərin və yetkinlərin də iştirak etdiyi ömür boyu öyrənmə perspektivindən təhlil edərək yüksək keyfiyyətdə araşdırılmasına və vəziyyətinin qiymətləndirilməsinə yönəlib.

Avropa Təlim Fondunun sözügedən bu missiyası isə ATF Ölkə Proqramı 2022 çərçivəsində baş tutur. Missiya peşə təhsili müəssisələri səviyyəsində inkişafın nəzərdən keçirilməsi, həm də insan kapitalının inkişafı ilə əlaqəli daha geniş sosial-iqtisadi məsələləri nəzərə alaraq prosesin təhlili məqsədini daşıyır. Bütün səylər, heç kəsi kənarda qoymadan peşə təhsilində hərtərəfli və “hər kəs üçün təlim” yanaşmasını təmin etməyə yönəlir. “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin əməkdaşlıq etdiyi tərəfdaş olaraq Avropa Təlim Fondu hər il Azərbaycanda monitorinq səfərləri həyata keçirir. Bu səfərlərin məqsədi beynəlxalq təcrübələrə istinad edərək konstruktiv təkliflər vermək və sahə üzrə potensial çətinliklərin həlli üçün prosesə yaxından kömək etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.