SİYASƏT
Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
Belqrad, 21 sentyabr, AZƏRTAC
Serbiyanın paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Videoxəbərlərin yaradılması və onların qazanc gətirməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusunda konfransı keçirilib. Konfransda təşkilatın üzvləri, o cümlədən 2008-ci ildən EANA-nın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi də təmsil olunub.
AZƏRTAC xəbər verir ki, AFP agentliyinin videoredaksiyasının direktoru Kristina Buxaqiar “Videoxəbərlərin istehsalında AFP-nin strategiyası və digər agentliklərlə əməkdaşlıq”, “Press Association” agentliyinin videoxəbərlər şöbəsinin müdiri Aleks Rotvell “Videoxəbərlərin təkmilləşdirilməsi planları: sürət, keyfiyyət və şaxələndirmə”, İspaniyanın EFE agentliyinin videojurnalisti Naxo Martin “Smart-video və fotoməhsulların yaradılması” mövzularında, Avstriyanın APA agentliyinin videoredaksiyasının baş redaktoru Klemens Piq öz şöbəsinin fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər.
AFP-dən Rayner Finke, STA-dan Alyoşa Rexar və EANA-nın prezidenti Yonas Erikson təmsil etdikləri agentliklərin şöbə və redaksiyalarının fəaliyyəti barədə məruzələrlə çıxış ediblər. AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov agentliklərin nümayəndələrinə - alyansın üzvlərinə onların azərbaycanlı həmkarlarının bu sahədəki təcrübəsi barədə söhbət açıb, statistik məlumatlar təqdim edib. Jurnalist xatırladıb ki, multimedia məsələləri keçən il Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresində əsas müzakirə mövzularından biri olub.
Bununla da konfrans işini başa çatdırıb. Sentyabrın 22-də EANA-nın Baş Assambleyası keçiriləcək.