DÜNYA
Avropa aviaşirkətləri Yaponiyaya uçuşların marşrutunu dəyişiblər
Tokio, 22 sentyabr, AZƏRTAC
Avropanın üç böyük aviaşirkəti Yapon dənizi üzərindən uçmamaq üçün bu qitə ilə Yaponiya arasında təyyarələrin əsas marşrutlarını dəyişiblər. AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Xatırladaq ki, Şimali Koreya son vaxtlar ballistik raketlərin sınağını məhz Yapon dənizi istiqamətində həyata keçirir.
Almaniyanın “Lufthansa”, İsveçrənin “Swiss International Air Lines” və Skandinaviyanın “Scandinavian Airlines” aviaşirkətlərinin təyyarələri Yaponiyanın Tokio şəhərinə və digər yaşayış məntəqələrinə getmək üçün yapon arxipelaqının yanından keçərək Hokkaydo və Tohoku rayonları üzərindən uçurlar.
Şirkətlərin nümayəndələrinin bildirdiyinə görə, yeni marşrutlar uçuş vaxtına və onun uzunluğuna ciddi təsir göstərməyib. “Lufthansa” şirkəti isə bəyan edib ki, dəyişiklikliyə səbəb Şimali Koreya tərəfindən raket buraxılışları ilə əlaqədar yarana biləcək fövqəladə vəziyyətin qarşısının alınması ilə bağlıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio