SİYASƏT
Avropa azərbaycanlıları Ermənistanın təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
Bakı, 20 aprel, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresi (AAK) Dağlıq Qarabağda qoşunların təmas xəttində son günlər Ermənistan tərəfindən törədilən təxribatla bağlı Avropadakı soydaşlarımız adından BMT-yə, ATƏT-ə, Minsk qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusu qoşunların təmas xəttində təxribatların sayını artırıb və bu, Avropada yaşayan azərbaycanlıları ciddi narahat edir. Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 27 yaşlı Rahim Hacıyev öz əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu hadisə bizi - Avropa Azərbaycanlıları Konqresini, Avropada yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.
Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, BMT-yə müraciət edən soydaşlarımız onları israrla təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırır.
Bəyanatda, həmçinin bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya susmaqda davam edirlər. Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması təcavüzkarın əl-qolunu daha da açır, törətdiyi cinayətlərin cəzasız qalması Ermənistan ordusunun Azərbaycanın daha neçə-neçə dinc sakinini qətlə yetirməsinə səbəb olur.