İDMAN
Avropa çempionatı: Şahmatçılarımız uğurlu çıxışlarını davam etdirirlər
Bakı, 5 aprel, AZƏRTAC
Bu gün Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında 10-cu turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan təmsilçimiz Abdulla Qədimbəyli (7 xal) bu turda ermənistanlı Qabriae Sarqsyanla mübarizə aparacaq. Medallar uğrunda mübarizəni davam etdirən digər şahmatçılarımız Misrətdin İsgəndərov Ermənistanın başqa bir idmançısı Samvel Ter-Sahakyan, Qədir Hüseynov türkiyəli Yılmaz Mustafa, Vasif Durarbəyli bolqarıstanlı İvan Çeparinov, Nicat Abasov isə xorvatiyalı İvan Sariclə görüşəcək.
Qeyd edək ki, aktivlərində 6,5 xal olan şahmatçılarımız 5-19-cu yerləri bölüşürlər.
Yarış cədvəlinə 7,5 xalla almaniyalı Matias Blubaum başçılıq edir.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir.
Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir.
Qitə birinciliyinin nəticələrinə əsasən, iyirmi şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.