REGİONLAR
Avropa çempionatında bürünc medal qazanan lənkəranlı güləşçi ilə görüş keçirilib
Lənkəran, 18 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəranlı yeniyetmə güləşçi Yusif İspərov Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatında uğurla çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qitə çempionatında Azərbaycan millisinin tərkibində ölkəmizin idman şərəfini qoruyan Lənkəran rayonunun Separadi kəndi sakini Yusif İspərov 45 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq, bürünc medala layiq görülüb.
Bu münasibətlə iyunun 18-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsində yeniyetmə idmançı Yusif İspərov, onun məşqçi-müəllimi Ramal Əzimov və Separadi İdman Kompleksinin direktoru Niyaməddin Məmmədovla görüş keçirilib.
Görüşdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Yusif İspərovu qazandığı uğur münasibətilə təbrik edərək, ona yeni-yeni qələbə sevincləri arzulayıb.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışan M.Cəfərzadə, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.
Görüşün sonunda yeniyetmə güləşçi Yusif İspərova və onun məşqçisinə fəxri fərman və hədiyyələr təqdim olunub.