Avropa çempionatında iştirak edəcək gənc qızlardan ibarət millinin heyəti açıqlanıb
AzerTAg.az
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada güləş üzrə iyirmi yaşadək qızlar arasında Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qitə birinciliyində ölkəmizi təmsil edəcək gənc qızlardan ibarət milli komandanın üzvləri ilə görüş keçirilib.
Federasiyanın baş katibi Nəsimi Musayev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə uğurlar arzulayıblar.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Avropa çempionatında iştirak edəcək komandanın tərkibində altı qız idmançı yer alıb. Romada Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) güləşəcək.
Qeyd edək ki, çempionatın proqramına əsasən iyunun 28-də qadın güləşi üzrə püşkatma mərasimi təşkil olunacaq.


Xəbərin mətnində orfoqrafik səhv var