İDMAN


Avropa çempionatında uğurla çıxış edən güləşçilərimiz mükafatlandırılıblar

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərin və yığmaların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AGF-nin rəhbəri Namiq Əliyev güləşçilərimizin qitə birinciliyindəki çıxışını şərh edərək nəticələrin ürəkaçan olduğunu bildirməklə yanaşı, qarşıdakı planlara da toxunub: “Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır. Ümid edirik ki, Tokio Olimpiadasına lisenziyaların 80 faizini həmin yarışdan əldə edəcəyik. Qalan vəsiqələri isə digər lisenziya turnirlərindən qazanmağı planlaşdırırıq. Son Olimpiadalarda demək olar ki, 90 faiz heyətlə təmsil olunmuşuq. Hesab edirəm ki, Tokioda da ən azı 15 güləşçi ilə iştirak etməliyik”.

Federasiyanın başçısı iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmindən də danışıb, yeniyetmə güləşçilərimizin tam heyətlə festivalda iştirak edəcəyini və uğurlu nəticələr qazanacaqlarına inandığını dilə gətirib.

N.Əliyev daha sonra Avropa çempionatında medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatlarını təqdim edib.

Sonda baş məşqçilər və vitse-prezidentlər ürək sözlərini çatdırıb. Onlar diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd olunub ki, güləşçilər Tokio Olimpiadasında da ümidləri doğrultmağa çalışacaqlar.

Xatırladaq ki, Avropa çempionatında güləşçilərimiz 13 (4 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.