İDMAN
Avropa çempionatının bürünc mükafatçısı Cəlal Qurbanov: Uğurlarımın davamlı olması üçün səy göstərəcəyəm
Bakı, 24 mart, AZƏRTAC
Avropa çempionatında komandamızın heyətində rinqə əvvəlcə mən çıxdım. Onaltıdabir finalda finlandiyalı rəqibimə 5:0 hesabı ilə qalib gəldim.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında bürünc medal qazanan idmançımız Cəlal Qurbanov (63,5 kq) deyib.
Gənc idmançı qitə birinciliyində qazandığı mükafatın gələcək karyerasında böyük əhəmiyyət kəsb edəcəyini bildirib: “Səkkizdəbir finalda sloveniyalı boksçunu da 5:0 hesabı ilə məğlub etdim. Ardınca ukraynalı rəqibi də mübarizədən kənarlaşdırmaqla yarımfinala yüksəldim və medalı təmin etdim. Lakin bəzi səbəblərdən çempion ola bilmədim. Bu, hələ başlanğıcdır. 22 yaşadək boksçuların yarışında daha 2 il mübarizə aparacağam. Həmin illərdə hədəfim yalnız qızıl medal olacaq. Təcrübə baxımından isə bu yarışın mənə faydası böyük oldu. Dörd görüş keçirdim. İnanıram ki, növbəti yarışlarda daha yüksək əyarlı mükafatlar qazanacağam. Uğurlarımın davamlı olması üçün səy göstərəcəyəm”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 4 medalla başa vurub.