İDMAN
Avropa çempionu Aliyə Qarayeva Bakıda keçirilən dünya çempionatında yerli idmançıları dəstəkləyir
Bakı, 20 sentyabr, AZƏRTAC
Bədii gimnastika üzrə Avropa çempionu titulunun sahibi, çoxnövçülük üzrə dünya çempionatının bürünc mükafatçısı, həmin növdə iki dəfə bürünc medal qazanmış Azərbaycan gimnastı Aliyə Qarayeva Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının dördüncü günündə yerli idmançıları dəstəkləməyə gəlib.
AZƏRTAC xəbər verir ki, A. Qarayeva jurnalistlərlə keçirdiyi görüşdə dünyanın heç bir yerində gimnastlar üçün Azərbaycanda olduğu kimi şərait yaradılmadığını bildirib. O, həmçinin Milli Gimnastika Arenasını da yüksək qiymətləndirərək əlavə edib ki, Bakı həmişə turnirlərin və məşq toplantılarının təşkilinin yüksək səviyyəsi ilə fərqlənib. “Mənə Avropada işləmək nəsib olub və deməliyəm ki, Azərbaycanda olan şərait dünyanın heç yerində yoxdur”, -deyə gimnast vurğulayıb.
A. Qarayeva sonra deyib: ”Mən Azərbaycan gimnastikasını izləməkdə davam edirəm, qızların uğurları ilə maraqlanıram. İndi iki uşaq anası olsam da, burada
mənə kömək edən nənələri var və bu səbəbdən idmançılarımızı tribunalardan rahatlıqla izləyə bilirəm”.
Avropa çempionu gimnastlara məsləhət görüb ki, onlar bütün prosesdən zövq alsınlar. O vurğulayıb ki, gimnastika gənclər üçün idman növüdür və çox təəssüf ki, burada idmançı karyerası tez başa çatır. “Başa düşmək lazımdır ki, bu heç də daimi deyil və gimnastikadan məhz indi, burada, həm də imkan olduğu qədər çox zövq almalısan. İndi nə qədər səy göstərsən, sonra - xüsusən Olimpiya Oyunlarına hazırlıq ərəfəsində onun bəhrəsini görəcəksən”, -deyə A.Qarayeva sözlərinə yekun vurub.