CƏMİYYƏT
Avropa ədalət günü ilə bağlı aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstəriləcək
Bakı, 22 oktyabr, AZƏRTAC
Hər il oktyabrın 25-də bütün Avropa ailəsinə daxil olan ölkələrdə Avropa Ədalət Günü kimi qeyd olunur.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə qərarı ilə keçirilən bu gün münasibətilə hər ilin oktyabr ayı ərzində hüquqşünaslar tərəfindən aztəminatlı və hüquqi cəhətdən maariflənmə səviyyəsi aşağı olan şəxslərə ödənişsiz hüquqi yardım göstərilir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da Avropa Ədalət Gününün əhəmiyyətini, habelə Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə tövsiyəni nəzərə alaraq, “Avropa ədalət günü” aylığı çərçivəsində silsilə tədbirlər keçirməkdədir.
Bu tədbirlər çərçivəsində oktyabrın 25-də iş günü ərzində Gəncə 1 saylı vəkil bürosu, Sumqayıt, Şirvan regional, İmişli, Masallı, Qəbələ, Bərdə, Mingəçevir “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən vəkil bürolarında, Lənkəran Şəhər və Şəki Şəhər vəkil bürolarında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək. Göstəriləcək yardım çərçivəsində əhaliyə şifahi hüquqi məsləhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin hazırlanması və digər ödənişsiz hüquqi xidmətlər təqdim olunacaq.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının vəkil qurumları tərəfindən mütəmadi olaraq analoji tədbirlər digər bölgələrdə də keçirilməkdədir və kollegiya bu tədbirlərin davamlılığını bundan sonra da təmin edəcək.
Digər vəkil qurumları da birgünlük kampaniyaya qoşulmağa dəvət olunurlar.