DÜNYA


Avropa iqlimlə bağlı hədəfləri ilə vidalaşır?

Berlin, 1 avqust, AZƏRTAC

Almaniyada təbii qaz qıtlığı elektrik enerjisi istehsalında problemlərə gətirib çıxaracaq. Artıq hamıya məlumdur ki, elektrik enerjisi olmadan yaşamaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, əgər Rusiya qazının alternativi tapılmasa AFR hökuməti ən qeyri-populyar tədbirə əl atmalı – kömürlə işləyən elektrik stansiyalarını yenidən işə salmalı olacaq. Bu stansiyaların ekologiyanı çirkləndirmə dərəcəsi isə çox yüksəkdir. Belə stansiyalardan biri yaxın vaxtlarda yenidən işə salınacaq. Hökumətdə hesab edirlər ki, müvafiq prosesi sürətləndirmək lazımdır. Söhbət Çexiyanın EPH enerji qrupuna mənsub olan Mexrub elektrik stansiyası haqqında gedir. Aşağı Saksoniyada, Hannover ilə Braunşveyq arasında, Hoenhameln şəhərində yerləşən bu stansiyanın yenidən istifadəyə verilməsi barədə razılıq əldə edilib.

Kömürlə işləyən bu elektrik stansiyasının gücü 690 meqavatdır. 2018-ci ildə yarım milyon ailəni təmin etmək üçün kifayət olacaq həcmdə elektrik enerjisi istehsal etmiş stansiya 2021-ci ildən ehtiyata keçirilib.

Qaz böhranı Bundestaqda qaz və atom elektrik stansiyalarının bundan sonrakı istifadəsi barədə diskussiyaya səbəb olub. “Yaşıllar”ın fikrincə, elektrik energetikasında qazdan tam imtina edilməsi elektrik enerjisinin kəsilməsinə gətirib çıxaracaq. Sosial demokratlar isə mövcud atom elektrik stansiyalarını bağlamamağı, zərurət yaranarsa 2024-cü ilə qədər onlardan istifadə etməyi təklif ediblər.

Daş kömür və mazutla işləyən elektrik stansiyaları üçün hazırda qüvvədə olan qərardan əlavə, qonur kömürlə işləyən, hazırda dayandırılmış elektrik stansiyalarının işinin oktyabrın əvvəlində bərpa edilməsi barədə qərar hazırlanır. Bu isə o deməkdir ki, Almaniya iqlimlə bağlı hədəfləri ilə vidalaşır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.