Avropa ölkələri miqrantlara qarşı qeyri-insani rəftarda ittiham edilib
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin (CPT) illik hesabatında deyilir ki, miqrantlar polis və ya sərhədçilər tərəfindən döyülüb, “yumruqlar, şillələr, dəyənəklərlə, digər sərt əşyalarla ağır zərbələrə” məruz qalıblar.
AZƏRTAC Komitənin hesabatına istinadla xəbər verir ki, CPT qeyd edib: "Şəxslərin yerdə yatarkən bədənlərinə yaxından güllə atmaq kimi qeyri-insani və ləyaqəti alçaldan rəftarın digər formaları da tətbiq edilib. Bundan başqa, miqrantları əlləri bağlı vəziyyətdə suya atmaq, paltarlarını və ayaqqabılarını çıxarmaq, ayaqyalın və ya alt paltarında, bəzi hallarda isə hətta sərhədi keçərək tam çılpaq gəzməyə məcbur etmək halları da baş verib".
CPT-nin hesabatında qeyd edilib ki, Avropa sərhədindən zorla geri göndərildiyini iddia edən insanların sayı da artıb. "Bir çox Avropa ölkələri öz sərhədlərində çox mürəkkəb miqrasiya problemləri ilə üzləşir, lakin bu, onların insan hüquqları ilə bağlı öhdəliklərinə məhəl qoymamasına bəraət qazandırmır. Geri göndərilmələr qeyri-qanunidir, qəbuledilməzdir və dayandırılmalıdır", - CPT-nin rəhbəri Alan Mitçel bildirib. O əlavə edib ki, miqrantların həbsi yalnız son tədbir kimi istifadə edilməlidir.
Komitənin üzvləri Avropaya gedən əsas miqrasiya yollarında polis, sərhəd və sahil mühafizə postlarına, təcridxanalara, eləcə də tranzit ərazilərə baş çəkiblər. CPT Avropa Şurasına üzv dövlətləri hər bir insanı fərdi qeydiyyatdan keçirmək, tibbi və həssaslıq qiymətləndirmələri vermək və insanlara sığınacaq üçün müraciət etmək imkanı verməklə, miqrantların hüquqlarını təmin etməyə çağırıb.
Avropa İttifaqının sərhəd agentliyi “Frontex” bildirib ki, miqrantların Avropaya daxil olmaq cəhdlərinin sayı 2022-ci ildə 330 minə çatıb ki, bu da əvvəlki illə müqayisədə 64 faiz çoxdur.
Xəbərin mətnində orfoqrafik səhv var