CƏMİYYƏT
Avropa qitəsinin quruda ən ucqar şərq nöqtəsində bir gün
















Bakı, 5 iyun, Göyçək Mahmudlu, AZƏRTAC
İyunun 5-i Ümumdünya Ətraf Mühit Günüdür. Həmin ekoloji bayram günü münasibətilə AZƏRTAC-ın müxbiri həm ətraf mühitin tərkib hissəsinin olduğu kimi qorunduğu, həm də insanların ruhi, fiziki, psixoloji – bir sözlə hərtərəfli dincələ bildiyi məkanı – Abşeron Milli Parkını ziyarət edib.
Şəhərin səs-küyündən uzaq olmaq, təbiətlə təmasın həzzini dadmağa imkan verən möhtəşəm aura, mavi Xəzərin dalğalarının toxunuşları… Burada insan özünü sanki başqa bir planetdə hiss edir. Milli parkın ecazkar nöqtəsi isə həmin xüsusi mühafizə olunan təbiət ərazisində olan Şahdili burnudur. Xəritəmizdə qartalın dimdiyi adlandırılan ərazi Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. Şahdili burnu Avropa qitəsinin quruda ən ucqar şərq nöqtəsi hesab olunur. Şahdili coğrafi cəhətdən burun kimi xarakterizə olunur, dənizin içərisinə doğru tədricən ensizləşir və uzununa təxminən 10 kilometr məsafəni əhatə edir. Dünya xəritəsində burun tipli coğrafi nöqtələr arasında öz sahəsinə, miqyasına görə ən böyük ərazilərdən biri hesab olunur, su akvatoriyasının içərisinə doğru uzanan ərazi olaraq unikal relyef görüntüsünü əks etdirir. Xəzər dənizində min illər ərzində baş verən tərəddüdlərə baxmayaraq, Şahdili burnunun relyefi dəyişmir, xəritədə məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.
Şahdili burnunda insan özünü sanki yerlə-göyün birləşdiyi məkanda hiss edir…
Milli parkın bioloji müxtəlifliyin qorunmasında əhəmiyyəti
Bioloji müxtəlifliyin qorunmasında xüsusi əhəmiyyətə malik olan milli parkda Abşeron yarımadasına xas olan endemik bitki növləri, fauna mühafizə olunur, müşahidə altında saxlanılır və gələcək nəsillərə ötürülür. Burada sayı kritik həddə çatan, adları “Qırmızı kitab”a daxil edilmiş növlərin daimi müşahidəsi aparılır. Məsələn, bitki növləri olan Bakı gəvəni, Bakı cuzqunu, yulğunu buna nümunə göstərmək olar. Burada, həmçinin yarımadaya xas təbiət komplekslərinin unikallığı, bütövlüyü və xüsusiyyətləri qorunmaqla, yarımsəhra və dəniz ekosistemləri mühafizə olunur.
Ümumiyyətlə isə biomüxtəlifliyin və təbii landşaftın saxlanılması xüsusiyyəti gələcəkdə ərazinin açıq səma altında unikal təbiət muzeyi kimi qiymətləndirilməsinə dəlalət edir.
Abşeron Milli Parkının ekoturizm potensialı
Milli parkın ekoturizm potensialı olduqca böyükdür. Təsadüfi deyil ki, ötən il ölkə üzrə ən çox ziyarət olunan milli parklar arasında Abşeron Milli Parkı ilk üçlükdə yer alıb. Dünya xəritəsində mövcud olan burun landşaftına malik az sayda coğrafi ərazilərdən birinə və Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsinə - Şahdili burnuna səyahət fürsəti, dənizin əhatəsində ada mənzərəsi, suyun iki tərəfdən quru ilə qovuşması görüntüsü, landşaftına görə ən romantik, unikal quru və dəniz ekosistemi, Xəzər sahillərində ən təmiz, oksigenlə zəngin hava, dəniz kənarı ilə uzun məsafədə piyada hərəkət etmək imkanı, quşların müşahidəsi… Abşeron Milli Parkı köçəri quşların miqrasiya marşrutunun üzərində yerləşdiyindən hər il qış köçü dövründə yüzlərlə müxtəlif quş növləri müşahidə olunur. Burada flaminqo kimi nadir quş növünün kütləvi toplaşmasının müşahidəsi aparılır. Ərazidə yaradılan infrastruktur isə buraya turist axınını daha da artırır. Burada velosipedlə hərəkət etmək imkanı, piknik etmək üçün köşklər, velosipedlərin, elektroskuterlərin kirayəsi, at və fayton gəzintisi xidməti təklif edilir. Həmçinin küləksiz havalarda paratrayk uçuş xidməti vasitəsilə Şahdili burnu üzərində 15 dəqiqəlik bir uçuş həyata keçirmək mümkündür.
Ərazidə uşaqlar üçün əyləncə yeri, gənc cütlüklərin şəkil çəkdirməsi, hətta ömür yollarını birləşdirmə təklifinin edilməsi üçün romantik bir məkan da yaradılıb.
Şahdili burnu Azərbaycanda ekoturizm marşrutlarının başlanğıcı ola bilər
Milli parkın direktoru Etibar İbrahimov bildirib ki, parkın girişdən son nöqtəyə qədər olan məsafəsi 10,4 kilometrdir. Giriş hissədən 6 kilometr məsafəni ziyarətçilər şəxsi nəqliyyat vasitələrindən istifadə etməklə qət edə bilərlər. 2 kilometr marşrut dəniz kənarı ilə piyadadır (avtomobillə də getmək mümkündür). Adaya, ən uc nöqtəyə, isə yalnız piyada getmək mümkündür ( 2,4 kilometr).
Milli parkın ərazisində vəhşi təbiətin bütün komponentləri olduğu kimi saxlanılmaqdadır. Ərazidə canavar, tülkü, çaqqal, dovşan, ceyran kimi heyvan fərdləri məskunlaşıb. Onların hərəkəti əsasən hava qaralandan sonra intensivləşir. Parkı ziyarət edən turistlərə təhlükə yaranmasın deyə, ziyarətçilərin girişi yay və qış rejimlərinə uyğun tənzimlənir.
Ziyarətçilərin vəhşi heyvanları görmə ehtimalı olduqca azdır. Lakin quşların müşahidəsi xüsusən yaz və qış aylarında mümkündür. Ziyarətçilərin flaminqoları müşahidə etmək imkanı var və həmin cazibədar quşlar hər il sabit olaraq noyabrın əvvəllərindən, bəzən martın sonlarına və aprelin əvvəlinədək parkın ərazisində görünürlər.
E.İbrahimov bildirib ki, milli parkın ekoturizm potensialını artırmaq üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin məqsədlərimizdən biri də Şahdili burnunun coğrafi mövqeyinə görə Azərbaycanda ekoturizm marşrutlarının başlanğıc nöqtəsi kimi tanıdılmasına nail olunmasıdır.
Abşeron Milli Parkı isti bir yay günündə açıq havada təbiətlə harmoniyadan zövq almaq istəyənlər üçün ən ideal məkanlardandır. İnsanı mənəvi cəhətdən rahatlığa qovuşduran məkanda təklif edilən xidmətlərin bir neçəsindən yararlanmaq, təbiətin bəxş etdiyi gözəllikləri dadmaq imkanım oldu. Dəniz sahilində gəzərək Xəzərin şıltaq dalğalarına toxundum, faytonla gəzdim, Şahdili burnunda suyun iki tərəfdən qovuşduğu ərazinin gözəlliyini seyr etdim. Açıq havada piknik imkanından yararlanmaq şansımı da qaçırmadım. Təbiəti seyr edə-edə samovar çayı içmədən və milli parkın ərazisində bişirilən dadlı qutabdan dadmadan geri dönmək olmazdı. Milli parkdan geriyə xoş xatirələr, telefonumla lentə aldığım şəkil və videolar qaldı..