CƏMİYYƏT
Avropa regionunda 13 milyon insan xroniki hepatit ilə yaşayır
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 12-dən 15-dək Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional komitəsinin Kopenhagendə keçiriləcək 66-cı sessiyasında 53 ölkənin nümayəndələri reproduktiv sağlamlıq sahəsində xidmətlərin gücləndirilməsi, miqrantların sağlamlığının qorunması və qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə regional planlarını təsdiq edəcəklər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, DST-nin regional bürosuna üzv dövlətlərdən 300-ə yaxın nümayəndənin iştirak edəcəyi sessiyada əsasən regionda ən çox insan ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərlə mübarizə mövzusunda müzakirələr aparılacaq. Çünki DST-nin Avropa bürosunun üzvü olan 53 ölkədə bütün ölüm hallarının 86 faizi xroniki xəstəliklər nəticəsində baş verir.
Nümayəndələr, həmçinin tarixdə ilk dəfə hepatitlərlə mübarizə üzrə regional fəaliyyət planı təsdiq etmək niyyətindədirlər. Bu gün Avropa regionunda 13 milyon insan xroniki hepatit ilə yaşayır. Onların üçdə iki hissəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində yoluxmuş şəxslərdir. Effektiv müalicə üsullarına baxmayaraq, hər gün regionda qaraciyər xərçəngindən daha 450 nəfər ölür.
Sessiya iştirakçıları miqrantlara tibbi yardım göstərilməsi üzrə planı qəbul etməyi də planlaşdırırlar. Hazırda DST-nin Avropa regionunda 75 milyondan artıq miqrant yaşayır.