DÜNYA


Avropa üçün yeni miqrasiya paktı hazırlanır

Vyana, 13 fevral, AZƏRTAC

Avropa İttifaqının (Aİ) yeni qaçqın siyasəti və miqrasiya paktının hazırlanması istiqamətində növbəti təşəbbüsə start verilib.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen tərəfindən irəli sürülən “Miqrasiya və sığınacaq üçün pakt”ın hazırlanması üçün üzv ölkələrlə danışıqlar aparılır. Bu məqsədlə komissiyanın vitse-prezidenti və miqrasiya məsələlərinə məsul olan Marqaritis Şinas Avstriyaya səfər edib.

Avstriyadakı görüşlərin məhsuldar keçdiyini bildirən vitse-prezident miqrant axınının istiqaməti boyunca hərtərəfli yanaşma əsasında fəaliyyətə yeni start verilməsinin, eləcə də Aİ-yə üzv dövlətlərin fərqli reallıqlarının nəzərə alınmasının zəruriliyini qeyd edib.

Avstriyanın Daxili İşlər naziri Karl Nehammer isə görüşlərdə ölkəsinin ilk növbədə səmərəli xarici sərhəd mühafizəsində maraqlı olduğunu ifadə edib. O, eyni zamanda, yeni paktda üzv dövlətlər qarşısında qaçqın kvotası və qaçqınların icbari şəkildə paylanılması kimi öhdəliklər qoyulmasına qarşı çıxıb.

K.Nehammer, həmçinin qeyd edib ki, hazırda qarşıda duran əsas məsələ yeni miqrasiya böhranının yaranmasının qarşısını almaq, xüsusilə Şərqi Aralıq dənizi marşrutu üzərində yerləşən ölkələrlə əməkdaşlığı gücləndirməkdən ibarət olmalıdır.

Qeyd edək ki, Aİ-nin yeni miqrasiya və qaçqın siyasətinə dair təkliflərin yaxın həftələrdə təqdim olunması və ümumi müzakirələrə çıxarılması nəzərdə tutulur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.