CƏMİYYƏT


Avropa xəbər agentlikləri gənc nəslin informasiya istehlakına yanaşmalarını müzakirə edib

Sürix, 30 sentyabr, AZƏRTAC

Avropa Xəbər Agentlikləri Alyansının Sürixdə keçirilən konfransında "Gənc nəslin media istehlak vərdişləri" mövzusunda müzakirələr keçirilib.

Qeyd edək ki, tədbirdə AZƏRTAC da daxil olmaqla, təşkilatın 27 üzv agentliyinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

EANA-nın prezidenti, Avstriyanın APA xəbər agentliyinin rəhbəri Klemens Piq bildirib ki, mobil texnologiyalar və sosial şəbəkələr gənc nəsil üçün əsas informasiya istehlakı mənbələridir. "Xəbər agentliyi olaraq, gənc nəslin informasiyanı necə istehlak etdiyini, xəbərə necə yanaşdığını nəzərə almağımız önəmlidir. Çünki bu, birbaşa gələcək yanaşmaları müəyyən etməyə imkan verəcək", - deyə o qeyd edib.

Associated Press agentliyinin prezidenti Deyzi Veerasingam məlumat verib ki, təmsil etdiyi agentlik gənc auditoriya ilə işi sosial şəbəkələrdəki tendensiyaları nəzərə almaqla qurur. O, agentliyin əsas diqqəti instaqramda xəbərin "story" təqdimatlarına, həmçinin digər sosial şəbəkələrdə qısa videohekayələrə yönəltdiyini bildirib. Onun sözlərinə görə, innovasiyalar gənc nəsli cəlb etmək üçün geniş imkanlar açır və media bundan bacardıqca səmərəli istifadə etməlidir.

Konfransda, eyni zamanda, gənc nəslin jurnalistikaya və media işinə cəlb olunması barədə də fikir mübadiləsi aparılıb. Çıxış edənlər bildiriblər ki, yeni nəslin media dəyərlərinə baxışı fərqlənir, onlar bu peşənin prinsiplərinə bir çox hallarda öz baxış bucaqlarından yanaşaraq bəziləri ilə razılaşmırlar. Bu səbəbdən də həm gənclərin təlimlərini gücləndirmək, həm də medianın özündə yeni tendensiyalara diqqəti artırmağın önəmi vurğulanıb.

Böyük Britaniyanın PA agentliyinin prezidenti Klayv Marşalın moderatorluğu ilə keçirilən sessiyada gənc nəslin sosial media trendləri müzakirə edilib. İştirakçılar qeyd ediblər ki, gənclərin sosial mediada davranışlarını, hadisələrə yanaşmalarını, ünsiyyətlərini anlamaq üçün mobil texnologiyaların inkişafı trendlərinə diqqət yetirmək lazımdır. Gənc nəsil kommunikasiyanı hətta memlər vasitəsilə də qura bilir, bu da onların informasiyanı ümumən necə qəbul etdikləri ilə bağlı yanaşmaya aydınlıq gətirə bilər.

Konfransda, həmçinin xəbər agentliklərinin gələcəyi, sosial media məhsullarının monetizasiyası, kontentin keyfiyyətinə təsirlər kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.