SİYASƏT


Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub

‪Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycanda səfərdə olan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti iyunun 8-də Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

‪Diqqətə çatdırılıb ki, dünya şöhrətli memar Zahi Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi dünya memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbulların, beynəlxalq konfransların, iclasların və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

‪Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub.

‪Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.

‪Nümayəndə heyətinin üzvləri Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı unikal eksponatlar nümayiş etdirilir. Sərgidə qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilib. Mis məmulatlar sərgisi qonaqların xüsusi marağına səbəb olub. Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimləri, qədim sikkələr nümayiş etdirilən sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Qonaqlar “Mini Azərbaycan” sərgisinə də baxıblar. Bu sərgidə onlar Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.