SİYASƏT


Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti çərçivəsində “Bakı Ekspo 2025”in təqdimatı olub VİDEO

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti çərçivəsində “Bakı Ekspo 2025”in təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “Bakı Ekspo 2025” üzrə xüsusi elçi, səfir Elnur Sultanov Azərbaycanın paytaxtının “Ekspo 2025”ə ev sahibliyinə namizədliyinin irəli sürüldüyünü xatırladaraq Ümumdünya Sərgisinə hazırlıqla bağlı görülən işlərdən danışıb. O qeyd edib ki, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən sərgilərin keçirilməsi ilə bağlı böyük təcrübəsi var.

Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixinin olduğunu vurğulayan Elnur Sultanov bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini bildirib. O, Azərbaycandakı multikultural mühit barədə məlumat verərək ölkəmizdə ayrı-ayrı etnik qrupların qarşılıqlı hörmət və harmoniya şəraitində yaşadığını deyib. Bildirib ki, Azərbaycan qarşılıqlı hörməti və anlaşmanı daim təbliğ edən ölkələrdəndir. Biz müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən mötəbər idman yarışlarına ev sahibliyi edirik. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycan bir çox beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarıdır. “Ekspo 2025” Azərbaycanın özünü beynəlxalq aləmə daha yaxından tanıtması, səsini dünyaya çatdırması üçün gözəl fürsətdir.

Elnur Sultanov qeyd edib ki, “Bakı Ekspo 2025” sərgisinin şüarı “İnsan kapitalını inkişaf etdirmək, daha yaxşı gələcək qurmaq”dır. 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisində lazımi mövzular ətrafında səmərəli müzakirələr apara bilərik. Həmin il davamlı inkişaf hədəflərinin qəbul olunmasının onilliyi də qeyd ediləcək. Bu sərgi 2030-cu il üçün davamlı inkişafın gündəliyinə daxil olan məsələlərin müzakirəsi baxımından nadir platforma olacaq.

Elnur Sultanov Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb.

Sonra Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərə dair videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.