DÜNYA
Avropada avtomobil tədarükü 11 faiz azalıb
Roma, 18 fevral, AZƏRTAC
2021-ci ildə Avropa İttifaqı (Aİ) üzrə işlənmiş avtomobillərin qiymətləri əvvəlki ilə nisbətən orta hesabla 8 faiz artıb. Ötən bir ildə İtaliyada isə işlənmiş avtomobillərin qiyməti 7 faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, qitədə avtomobil tədarükü son bir il ərzində 11 faiz azalıb. Artan tələbata baxmayaraq, Avropada yeni avtomobillərin sifarişlərinin uzun vaxt çəkməsi işlənmiş avtomobillərə marağı artırıb. Belə ki, hazırda qitənin avtomobil bazarında işlənmiş avtomobillərin sayı sürətlə azalır, artan tələbat isə qiymətlərin yüksəlməsinə səbəb olur.
Avropanın ən böyük onlayn avtomobil satış bazarı olan “AutoScout24”ün məlumatlarına görə, son dövrlərdə işlənmiş avtomobillərin qiyməti kəskin bahalaşıb. Avropada ən çox maraq göstərilən işlənmiş avtomobilin qiyməti 19 min avrodan yuxarıdır. Ən çox üstünlük verilən işlənmiş avtomobil modelləri “Volkswagen Golf”, “Audi A4”, “Volkswagen Polo” və “Audi A6” olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma