DÜNYA
Avropada elektrik enerjisini ən ucuz istehlak edən ölkə Bolqarıstandır
Bakı, 28 noyabr, AZƏRTAC
Cari ilin birinci yarısında Avropada elektrik enerjisini ən ucuz istehlak edən ölkə Bolqarıstan olub.
AZƏRTAC Avropa İttifaqının (Aİ) Statistika Bürosunun (“Avrostat”) yaydığı məlumata istinadla xəbər verir ki, bu ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrdə 100 kilovat-saat elektrik enerjisinə orta hesabla 20,49 avro ödənilib. Aİ-yə üzv ölkələrdə ən ucuz elektrik enerjisi Bolqarıstanda satılır. Bu ölkədə 100 kilovat-saat elektrik enerjisinə 9,79 avro ödənilib. Sonrakı pillələrdə 10,97 avro ilə Litva, 11,23 avro ilə Macarıstan, 12,85 avro ilə Malta və 13,11 avro ilə Xorvatiya qərarlaşıb.
Avropa İttifaqına üzv ölkələr sırasında ən baha elektrik enerjisi Danimarkada istehlak edilir. Bu ölkədə mənzillərdə 100 kilovat-saat elektrik enerjisinə 31,26 avro ödənilir. Sonrakı sırada 29,5 avro ilə Almaniya, 27,33 avro ilə Belçika, 23,83 avro ilə İspaniya və 23,69 avro ilə İrlandiya yerləşib.