İQTİSADİYYAT
Avropada enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş konfransında Cənub Qaz Dəhlizinin vacibliyi vurğulanmışdır VİDEO
Vaşinqton, 29 aprel (AZƏRTAC). Vaşinqtonda “Strateji xarici siyasət çərçivəsində energetika sahəsində Amerikanın imkanları” mövzusunda konfrans keçirilir. Tədbir 2013-2014-cü illərdə Macarıstanın sədrlik etdiyi Vışeqrad qrupunun dəstəyi ilə Atlantika Şurası nəzdində Dinu Patrisiu adına Avrasiya Mərkəzi tərəfindən təşkil edilmişdir.
Avropanın enerji təhlükəsizliyi, Birləşmiş Ştatlarda şist inqilabı, Avropa qaz bazarı, ABŞ-dan Avropaya və digər qitələrə maye qaz ixracının iqtisadi perspektivləri problemlərinin müzakirəsinə və həllinə həsr olunmuş konfransda Şərqi Avropa ölkələrinin nümayəndələri, Çexiya, Slovakiya, Macarıstan, Polşa və Bolqarıstanın energetika məsələləri üzrə xüsusi nümayəndələri, Mərkəzi və Şərqi Avropa ölkələrinin neft-qaz sənayesində özəl sektorun əməkdaşları, habelə ABŞ hökumətinin və Vaşinqtondakı elmi tədqiqat mərkəzlərinin təmsilçiləri iştirak edirlər.
Aprelin 28-də “Enerji təhlükəsizliyi strateji öhdəlikər kimi: qavrayış və reallıqlar” adlı birinci panel iclasında ABŞ Dövlət Katibinin müavinin enerji diplomatiyası üzrə köməkçisi Amos Hokstayn, Nyu-York Tayms qəzetinin energetika məsələləri üzrə ixtisaslaşan müxbiri Koral Devenport, MOL Group şirkətinin korporativ münasibətlər üzrə böyük vitse-prezidenti Şabolş Ferenş və Corctaun Universitetinin professoru, Xəzər regionu üzrə ekspert Brenda Şaffer çıxış etmişlər.
Macarıstanın enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayəndəsi Anita Orban panel iclasını açaraq dəyişkən siyasi reallıqlar şəraitində Mərkəzi Avropanın təbii qazla təchizatı problemlərini müzakirə etməyə çağırmışdır.
Amos Hokstayn öz çıxışında qeyd etmişdir ki, Avropanın enerji təhlükəsizliyi məsələsi həmişə, hətta Ukrayna böhranından əvvəl də gündəmdə olmuşdur. Cənub Qaz Dəhlizi vasitəsilə yaxın gələcəkdə nəql ediləcək qazın həcmi az olduqda belə, bu layihənin dəstəklənməsi vacibdir. “10 milyard kubmetr başlanğıc üçün yaxşı göstəricidir”, - deyən A.Hokstayn auditoriyada toplaşanlara Cənub Qaz Dəhlizi layihəsi və Azərbaycan qazının Avropaya nəqlinin vacibliyi barədə məlumat vermişdir. O, 1990-cı illərin ortalarında həyata keçirilməsi qeyri-mümkün hesab edilən Bakı-Tbilisi-Ceyhan layihəsinin uğurla gerçəkləşməsini qeyd etmişdir.
A.Hokstayn ABŞ-dan Avropaya maye qaz ixracı üçün lisenziya alınması prosesini sadələşdirməyin zəruri olmasını vurğulayaraq qeyd etmişdir ki, hətta lisenziya verildiyi halda da ABŞ ixracı həyata keçirə bilməyəcəkdir, çünki Amerikada maye qaz ixracı üçün hazır terminallar yoxdur. Hokstayn onu da bildirmişdir ki, ABŞ Avropaya Rusiyadan qaz ixracını azaltmağa çalışır, çünki o, qaz ixracının şaxələndirilməsini və Avropa qaz bazarının rəqabət qabiliyyətinin artırılmasını istəyir.
Doktor Brenda Şaffer qeyd etmişdir ki, bu prosesdə təkcə özəl sektorun iştirak etməsi kifayət deyildir və neft-qaz layihələrinin iştirakçıları olan ölkələrin hökumətlərinin bu prosesə cəlb edilməsi zəruridir. O vurğulamışdır ki, Cənub Qaz Dəhlizi layihəsi hələ 2013-cü ilin dekabr ayında, yəni Ukrayna böhranından əvvəl təsdiq edilmişdir. Bu layihə 6 hüquqi tənzimləmə sistemini, 12 investoru və 12 alıcını əhatə edir. B.Şaffer çıxışının sonunda qeyd etmişdir ki, enerji təhlükəsizliyinin təmin edilməsi üçün toplanmış qazı saxlamağa xidmət edən müvafiq sistem, habelə birləşdirici boru kəmərləri şəbəkəsi vasitəsi ilə qarşılıqlı əlaqənin təmin edilməsi zəruridir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton