CƏMİYYƏT
Avropada koronavirus ilə bağlı vəziyyət ciddi olaraq qalır
Bakı, 16 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional bürosunun direktoru Hans Klyuge Avropa regionunda COVID-19-la bağlı vəziyyəti “çox ciddi" adlandırıb. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, o, keyfiyyətli tibbi yardım göstərilməsi sahəsində regionun Aralıq dənizi və cənub-şərq ölkələrinə dəstək verəcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afina ofisinin açılışında çıxış edib.
Hans Klyuge bildirib ki, COVID-19 səbəbi ilə ÜST-nin Avropa regionunun vəfat edən sakinlərinin sayı bir milyon nəfəri ötüb. Koronavirusa həftədə 1,6 milyon, saatda 9 500, hər dəqiqə isə 160 insan yoluxur.
Hans Klyugenin sözlərinə görə, yeni yoluxma halların sayı yalnız yaşlı əhali arasında, xüsusilə də 80 yaşdan yuxarı insanlar arasında azalır: fevral ayından bu qrupda ölüm halları təxminən 30 faiz azalıb. ÜST hesab edir ki, bu tendensiyanı yaşlı nəslin peyvəndlənmə səviyyəsinin yüksək olması ilə izah etmək olar.
Lakin, xəstələrin xəstəxanaya yerləşdirilməsi miqyası əhəmiyyətli dərəcədə artıb. Məsələn, Fransada intensiv terapiya palataları da daxil olmaqla xəstəxanalarda pasiyentlərin sayı ötən ilin aprel ayından etibarən ən yüksək səviyyəyə çatıb.
Hans Klyugenin sözlərinə görə, bəzi ölkələrdə virusun ötürülməsinin yavaşladığını bildirən bəzi əlamətlər var, lakin onun səviyyəsi hələ də yüksəkdir. Onu endirmək üçün vaksinasiya da daxil olmaqla mövcud olan bütün epidemioloji və sosial tədbirlərdən kompleks şəkildə istifadə etmək lazımdır. Bu gün ÜST-nin məlumatlarına əsasən, regionda ümumilikdə yeddi vaksin ilə 171 milyon peyvənd vurulub. Vaksinin bir dozası əhalinin təxminən 13 faizinə vurulub, 6 faizi isə tam peyvənd olunub.
COVID-19 əleyhinə vaksinlərin yan təsirləri, xüsusilə də, AstraZeneca vaksini ilə ehtimal olunan dərəcədə əlaqəli olan trombozun bir neçə hadisəsi ilə bağlı mövzuya toxunarkən, Hans Klyuge bu peyvəndin təhlükəsiz olaraq 200 milyon insana vurulduğunu xatırladıb.
Hans Klyuge, çox vaxt fiziki məsafəni qorumaq imkan verməyən şəraitdə yaşayan yoxsul miqrantların vəziyyətinə diqqət çəkib. Onun fikrincə, immunizasiyanın ikinci mərhələsində, əhalinin 11-20 faizi üçün kifayət qədər vaksin olacağı zaman, bu insanları prioritet qrupa daxil etmək lazımdır.
O, 100.000-dən çox qaçqın və miqrantların olduğu və onların ölkə vətəndaşları ilə yanaşı peyvənd strategiyasına daxil edildiyi Yunanıstanı misal çəkib. Gələn ay qaçqın düşərgələrində kütləvi peyvənd kampaniyası başlayacaq.
"Təkrar edirəm: yalnız seçilən insanlar peyvənd olunarsa və əhalinin qalan hissəsi “kənarda qalarsa”, virusla mübarizədə göstərdiyimiz ümumi səylərimizə zərər dəyəcək", - deyə doktor Hans Klyuge vurğulayıb.